Azərbaycan və Ukrayna liderləri Rusiyanın SOCAR-ın neft anbarına avqustun 8-dəki hücumunu məqsədli hesab ediblər. Bu hücum Vaşinqtonda üçtərəfli görüş getdiyi müddətdə baş verib. Azərbaycan və Ukrayna prezidentləri bəyan edib ki, bu hücumların iki ölkənin energetika sahəsində əməkdaşlığını dayandırmayacaq. Prezident İlham Əliyev hadisədən üç gün sonra özünün ehtiyat fondundan Ukraynaya 2 milyon dollar dəyərində humanitar yardım göndərib.
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu düşünür ki, Rusiya ilə Azərbaycan arasında geniş enerji əməkdaşlığı olduğundan, - iddialara görə, Azərbaycan sanksiya altında olan Rusiya enerjisini Avropa bazarlarına çıxarır, - elə addımlar Ukraynaya humanitar dəstəkdən o tərəfə gedən deyil: "Addım atmaq üçün imkanlar məhduddur. İkincisi, Rusiyanın enerjidaşıyıcılarını həqiqətən də Azərbaycan öz məhsulu adı altında satırsa, ondan imtina etməklə yalnız maliyyə itkilərinə yol vermiş olur, təkcə Rusiyaya ziyan vurmur. Başqa bir tərəfdən də, hansısa hərbi-siyasi addımlar atmağa da, düşünmürəm ki, Azərbaycanın, birincisi, istəyi olacaq, ikincisi, yetərincə resursları var. Ona görə heç bir addım atılmayacaq. Ukraynaya humanitar yardım, hansısa Ukraynanın xeyrinə bəyanatlar- bu tipli addımlar olacaq, ancaq bundan o tərəfə getməyəcək".
"Rusiyanın bizdən başqa dostu yoxdur"
Parlamentdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyir ki, Rusiyanın məqsədi Azərbaycana yox, Ukraynaya ziyan vurmaqdır: "O yalnız Azərbaycanın qaz kəmərini vurmur. Ukraynaya gələn – istəyir Amerikadan gəlsin, istəyir Banqladeşdən- Ukraynada enerji böhranı yaratmaq üçün enerjini vururdu, qazı vururdu. Bu sırf Azərbaycanla bağlı deyil, Ukrayna ilə bağlıdır. İki gündən sonra düzəldi, bizə nə ziyan dəyib ki? Həmin qaz kəməri düzəldi və yenə qaz getdi. Qaldı ki, Rusiya ilə münasibətlərə, bir az soyuyub. Yəqin ki, Rusiya ağıllanacaq, çünki Rusiyanın bizdən başqa dostu yoxdur bu dəqiqə".
"Azərbaycan ölçülü addımlar atmağa meylli olacaq"
Rusiyanın təhlükəsizlik və xarici siyasətini təhlil edən araşdırmaçı, Avropa Kollecinin baş elmi işçisi Nurlan Əliyev deyir ki, tarixən Rusiya rəqib hesab etdiyi dövlətlərin iqtisadi maraqlarına ziyan vuran addımlar atıb. Son zamanlar Rusiya ilə Azərbaycanın münasibətlərinin gərgin olmasını da nəzərə alanda bu hadisəni iqtisadi maraqlarla yanaşı, Azərbaycan-Ukrayna münasibətlərini hədəf almaq kimi dəyərləndirmək olaq. Azərbaycan hökumətinin addımlarına gəlincə, araşdırmaçı hesab edir ki, Rusiyanı daha da qıcıqlandırmamaq üçün Azərbaycan ölçülü addımlar atmağa meylli olacaq: "Məsələn, vurulan təyyarə ilə bağlı (AZAL-ın qəza enişi edən təyyarəsi) beynəlxalq məhkəməyə müraciət etmək məsələsini daha da qabardacaq. Eyni zamanda, Azərbaycan çalışacaq ki, Avropa İttifaqı ilə də münasibətləri inkişaf etdirsin. Birləşmiş Ştatlarla onsuz da bunu edir... Əgər Rusiya ilə münasibətlər belə vəziyyətdədirsə, Rusiyadan təhlükə ola bilər, artıq biz bunu görürük. Ona görə də artıq Azərbaycan bunu etməlidir".
Bundan əvvəl Ukraynanın Jitomir vilayətinin Berezina kəndində partlayışlar nəticəsində Azərbaycanın "SOCAR Energy Ukraine" şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsi ciddi zərər görmüşdü. Azərbaycanla Rusiya münasibətlərində ötən ilin dekabrında AZAL təyyarəsi qəza enişi edəndən sonra gərginlik başlayıb və bir ara səngisə də, iyunun sonunda Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakılıqdan sonra Azərbaycan hökumətinin Rusiya ilə gərginliyi qarşılıqlı notalar, diplomatik səfərlərin ləğvi səviyyəsinə qalxıb.