Ekspertlər bildirir ki, Rusiya hücumunu davam etdirdiyi bir vaxtda Ukrayna silah-sursat çatışmazlığı qədər kritik olan digər böhranla üzləşir - piyadaların sayı azalır.
"Azov" briqadasının qərargahında çalışmış zabit Boqdan Kroteviç bildirib: "Sürücülər, artilleriya atıcıları və aşpazlar müdafiə xəttini qoruyurlar". Onun sözlərinə görə, bəzən "5-10 kilometr enində sahələri maksimum 12 döyüşçü qoruyur".
Ukraynanın canlı qüvvə çatışmazlığı Rusiyaya cəbhədə müəyyən taktikalardan istifadə etməyə imkan verir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski bu yaxınlarda deyib ki, Rusiya "total infiltrasiya" taktikasından istifadə edir. Belə ki, Rusiyanın kiçik piyada qrupları Ukrayna xətlərini keçə bilir. Bu qruplar Rusiyanın hazırkı hücumunun əsas hədəfi olan Donetsk vilayətinin önəmli şəhəri Pokrovska da daxil ola bilib.
Ukraynanın "DeepState" münaqişənin monitorinqi qrupunun bildirdiyinə görə, ərazinin müdafiəsinə cavabdeh olan briqadalardan birinin piyada qoşunları tükənib və bu da rusiyalıların xətti keçməsini mümkün edib.
İyulda yayılan videoda görünür ki, şəhərin cənub hissəsindəki yanacaqdoldurma məntəqəsində Ukrayna avtomobili infiltrasiya qruplarından birinin atəşinə məruz qalıb.
Canlı qüvvə fərqi Rusiyanın xeyrinə çevrilir
Müharibənin əvvəlində balans tamamilə fərqli idi. 2022-ci ildə genişmiqyaslı işğal müharibəsi başlamazdan əvvəl Rusiya ordusunda təxminən 1 milyon əsgər var idi, onların 150 min - 190 mini Ukrayna ilə Rusiya və Belarus sərhədləri boyunca cəmləşdirilmişdi.
Həmin vaxt Ukrayna ordusunda təxminən 260 min nəfər aktiv xidmətdə idi, lakin ölkə yayın ortalarına qədər 700 minə yaxın əsgəri səfərbər edib. Bununla da, o vaxta qədər Kiyev vilayətindən qovulmuş işğalçı Rusiya qüvvələrinə qarşı Ukrayna canlı qüvvədə üstünlük qazanıb. Rusiya Ukraynanın şərqində işğal etdiyi minlərlə kvadrat kilometr ərazini itirdikdən sonra cəbhə xəttini sabitləşdirmək üçün "qismən səfərbərlik" həyata keçirib və ehtiyatda olan təxminən 300 min canlı qüvvəni orduya çağırıb.
2023-cü ildə Rusiyada hərbi səfərbərlik sürətlənib, buna səbəb isə minlərlə məhbusun, "Vaqner" qrupunun muzdlu dəstələrinin döyüşlərə cəlb olunmasıdır. Həmçinin könüllülərə qeydiyyat bonuslarının verilməsi də onlarının orduya axınına təsir edib. Ukrayna isə itkiləri əvəzləmək üçün yeni döyüşçülər tapmaqda çətinlik çəkib.
Araşdırma qrupu olan "Conflict Intelligence Team"in (CIT) analitikləri hesab edir ki, həmin il vəziyyət Moskvanın xeyrinə dəyişib, çünki Rusiyanın səfərbərlik kampaniyası Ukraynanın canlı qüvvə üstünlüyünü aradan qaldırıb. Kiyev isə ordu sıralarını doldurmaqda artan çətinliklərlə üzləşib.
"The Military Balance" - hər il dünyanın hərbi imkanlarını qiymətləndirən hesabata görə, 2025-ci ildə Rusiyanın aktiv xidmətdə olan hərbi qulluqçularının sayı 1.13 milyon nəfəri keçib. Sırskinin iddiasına görə, onların təxminən 640 mini Ukrayna ərazisindədir və bu rəqəm Rusiya prezidenti Vladimir Putin tərəfindən də təkrarlanıb.
Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin (OSW) məlumatına görə, Ukraynanın ümumi qoşunlarının sayı rəsmi olaraq 1 milyondan çox olsa da, onlardan 300 mindən çoxu cəbhə xəttində yerləşdirilib.
Ukrayna səfərbərlikdə Rusiyadan geri qalır
OSW-nin məlumatına görə, Ukrayna öz hərbi briqadalarını doldurmaq üçün təxminən 300 min əsgər yığmalıdır, bunların (briqadaların) bəziləri yalnız 30 faiz gücündədir. Keçən il isə 200 min əsgər toplanıb, lakin OSW-nin hesabatına görə, "fərarilik və itkilərin miqyasını nəzərə alaraq, bu rəqəm bölmələrin gücünü yetərli səviyyədə saxlamaq üçün kifayət etməyib". Hazırda Ukrayna ordusuna ayda təxminən 17 mindən 24 minə qədər canlı qüvvə cəlb olunur, bu isə ildə 204 mindən 288 minə qədər əsgər deməkdir.
Rusiya orduya yazılmaq üçün qeydiyyat bonusunu artırmaq məcburiyyətində qalsa da, bildirilir ki, ordu sıralarına qoşulanların sayı ayda 30 min nəfərə yüksəlib. Bu isə ildə təxminən 70 mindən 150 minə qədər üstünlük (Ukrayna səfərbərliyi üzərində) deməkdir.
Ordu sıralarını tərk edənlər
Çağırış rəqəmlərindəki fərqdən əlavə, Ukrayna ordusunda fərarilik problemi də mövcuddur. İldə on minlərlə əsgərin icazəsiz olaraq hərbi hissədən ayrılması (AWOL) halları qeydə alınır. Məşhur ukraynalı hərbi müxbir Yuri Butusovun sözlərinə görə, Fransada təlim keçmiş "Anne of Kyiv" briqadasından 2024-cü ilin martından noyabrına qədər 1700-ə qədər əsgər ayrılıb. Bir Ukrayna briqadasının orta gücü 4 min - 5 min əsgər arasında olduğunu nəzərə alsaq, bu, olduqca yüksək göstəricidir.
"Frontelligence Insight" qrupunun təsisçisi deyir ki, məcburi səfərbərlik halları - küçələrdən zorla tutularaq çağırış mərkəzlərinə aparılan ukraynalı kişilər - fərarilik probleminə töhfə verir. Çünki səfərbər olunmuş çağırışçılar adətən könüllülərdən daha az motivasiyalı olur. Ukraynalı bir komandir CNN-ə bildirib ki, bu çağırışçıların çoxu mövqelərini tərk edir: "Onlar mövqelərinə bir dəfə gedir, sağ qalarlarsa, bir daha ora geri qayıtmırlar. Ya mövqelərini tərk edirlər, ya döyüşə getməkdən imtina edirlər, ya da ordudan çıxmağın yolunu tapmağa çalışırlar".
Ukrayna fərqi aradan qaldıra bilərmi?
Ukrayna çağırış və fərarilik problemlərini həll etmək üçün müəyyən addımlar atıb. İcazəsiz olaraq hərbi hissəni tərk edən əsgərlər könüllü şəkildə bölmələrinə qayıdarsa, onlar cinayət məsuliyyətindən azad edilir. On minlərlə şəxs bunu edib, lakin hələ də tərk edənlərin sayı daha çoxdur.
Daha əvvəl həm Bayden, həm də Tramp administrasiyalarının təzyiqlərinə baxmayaraq, Ukrayna hələ ki çağırış yaşını 18-ə endirməkdən imtina edir. Bu, ictimaiyyətdə çox da müsbət qarşılanmayan bir addım olar. 2024-cü ilin aprelində yaş həddi 27-dən 25-ə endirildikdən sonra 25 və yuxarı yaşlı ukraynalılar çağırışa cəlb olunur. Lakin ordu 18-24 yaş arası könüllüləri cəlb etmək üçün ayda 120 min qrivna (2900 dollar) maaş və digər maliyyə stimulları təklif etməyə başlayıb.
Prezidentin hərbi müşaviri Pavlo Palisa apreldə bildirib ki, yeni proqram işə salındıqdan sonra ilk həftələrdə 500 nəfəri cəlb edib və o vaxtdan bəri rəqəmlərin artıb-artmadığı bəlli deyil.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda atəşkəs razılaşması tezliklə əldə olunmazsa, Moskvaya təzyiqlərin artacağı ilə hədələsə də, analitiklər hələ də Kremlin siyasətində dəyişiklik olmadığını bildirir. Karneqi Rusiya Avrasiya Mərkəzinin əməkdaşı Tatyana Stanovaya X platformasında bildirib: "Mən Rusiyanın Tramp və ya Ukraynaya qarşı taktikasında heç bir əsaslı dəyişiklik müşahidə etmirəm".
Putinin hazırkı mövqelər üzrə geri çəkilməyə və ya atəşkəsə razı olacağına dair heç bir siqnal yoxdur. Onun qüvvələri hələ ki 2022-ci ildə Rusiya tərəfindən rəsmi olaraq ilhaq edildiyi iddia olunan dörd Ukrayna vilayətini tam ələ keçirə bilməyib. Ukrayna isə müdafiə xəttini qorumaq üçün canlı qüvvə çatışmazlığı ilə mübarizə aparmalıdır.
Yazını AzadlıqRadiosunun Rusiya xidmətinin müxbiri Yauhen Lehalau hazırlayıb.