Samira Qırğızıstanın şimalında, yaşadıqları Çuy vilayətindən 16 yaşlı qızını Rusiyanın Tatarıstan Respublikasında nüfuzlu bir məktəbdə oxumağa göndərmək üzrə idi. Ancaq onun xəbəri yox idi ki, həmin məktəb Rusiyanın Ukraynaya hava hücumlarında istifadə etdiyi döyüş dronları istehsal edir. Bu, respublikanın Alabuqa Azad İqtisadi Zonasında yerləşən texniki təhsil müəssisəsi - Alabuqa Politexnik Məktəbindir.
"Mən bunun adi bir peşə məktəbi proqramı olduğunu düşünürdüm", - təxəllüsdən istifadə edərək anonim qalmağı xahiş edən Samira AzadlıqRadiosuna bildirib. "Amma hərbi əlaqələr və dron istehsalı barədə öyrənəndə şoka düşdüm".
"Rusiyanın sənə ehtiyacı var"
Rusiya hakimiyyəti Qırğızıstan məktəblərində Alabuqa Politexnik Məktəbini təbliğ edən və oraya tələbə cəlb edən materialları sərbəst şəkildə paylayır. Broşürlardan birində şagirdlərə "Ən yaxşıya qoşulun!" çağırışı edilir. Hərbi formadakı gənclərin təsviri altında "Rusiya ordusunun ehtiyacları üçün pilotsuz uçuş aparatlarının yığılması üzrə ən yaxşı mütəxəssisləri yetişdirəcəyik!" vədi verilir. Bir broşürün üz qabığında isə dron şəkli ilə yanaşı, Rusiyayönümlü hərbi simvollar "Z" və "V" əks olunub.
Yerli medianın məlumatına görə, bir neçə ay əvvəl qonşu Qazaxıstan məktəblərində də Alabuqa Politexnik Məktəbinin broşürları meydana çıxıb.
İş sadəcə broşürlarla bitmir. Bu yaz Alabuqa Politexnik Məktəbinin tələbə qəbulu üzrə əməkdaşları Qırğızıstanın şimalındakı məktəbləri ziyarət ediblər. 14 yaşında olan şagirdlər müraciət etmək üçün dəvət olunub və bu da valideynlər arasında narahatlıq doğurub. Gender-inklüziv qəbul prosesi, yüksək texnologiyalı təhsil, karyera inkişafı, eləcə də aylıq 30 min rubldan (382 dollar) 70 min rubla qədər maaş və ya təqaüd vədləri böyük maraq doğurur.
Alabuqa Azad İqtisadi Zonası tələbələri "Business Cats" adlı onlayn oyun vasitəsilə cəlb edir. Bu oyunda iştirakçılar sahibkarlığı simulyasiya etmək və biznes bacarıqlarını inkişaf etdirmək üçün virtual pişiklər yetişdirir və alqı-satqısını aparırlar.
Alabuqa rəsmilərinin sözlərinə görə, bu oyun "yalnız Rusiyada deyil, digər keçmiş Sovet respublikalarında da mövcud olan, məktəblilər üçün maliyyə savadlılığı və sahibkarlıq proqramı" idi. Bildirilir ki, Qırğızıstandakı yerli məktəb müəllimləri oyunu "WhatsApp" tətbiqi vasitəsilə təşviq ediblər.
Hərbi bağlantılar təsdiqlənib
2024-cü il aprelin 2-də Ukrayna dronunun Alabuqa Azad Iqtisadi Zonasına zərbələri nəticəsində azyaşlılar da daxil olmaqla 7 nəfər yaralanıb. Həmin il aprelin 23-də və iyunun 15-də növbəti hücumlar baş verib. Sonuncu hücumda iki nəfər ölüb, 13 nəfər yaralanıb. Ukrayna hərbi rəsmiləri bu zərbələrin ölkə infrastrukturuna hücumda istifadə edilən dron obyektlərini hədəfə aldığını təsdiqləyərək Alabuqanı "qanuni hərbi hədəf" adlandırıb.
Rusiya da Alabuqada dronların istehsal olunduğunu etiraf edib. İyulda Rusiya Müdafiə Nazirliyinin "Zvezda" telekanalında yayımlanan proqramda təsdiqlənib ki, İran istehsalı olan və yerli olaraq "Qeran" adı ilə tanınan "Şahed-136" dronları Alabuqa iqtisadi zonasında kütləvi istehsal olunur. Yayımlanan proqramda kollec tələbələrinin iştirak etdiyi montaj əməliyyatları göstərilib.
"Zvezda"nın xəbərinə görə, Alabuqa Azad İqtisadi Zonasının direktoru Timur Şaqivaleyev bildirib ki, zavodda minlərlə dron Alabuqa Politexnik Məktəbinin tələbələrinin köməyi ilə istehsal olunur. Görüntülərdə bir çoxu yeniyetmələr olan işçilər maşınları idarə edir və hissələri yığır. Proqramın aparıcısı "Yüzlərlə maşın, minlərlə işçi və hara baxırsan - gənclər" deyir. "Oğlanlar və qızlar burada eyni vaxtda həm işləyir və həm də oxuyurlar", - o əlavə edir.
Yalnız səyahət edən uşaqlar
Samira kimi, valideynlər uşaqlarının böyüklər və ya dövlət nümayəndəsinin müşayiəti olmadan təkbaşına Rusiyaya uçacaqlarını eşidəndə narahat olublar.
"Mən onda narahat olmağa başladım", - Samira deyib. "Onlar qızımın yol sənədlərini, şəxsiyyət vəsiqəsini istəyir, hətta biletini də özləri almağı təklif edirdilər".
O deyib ki, şagirdləri cəlb edən əməkdaşlardan biri "Telegram"da ona dəfələrlə mesaj yazıb. "Onlar davamlı zəng edirdilər. Mən cavab verməyi dayandıranda da təkrar-təkrar zəng edirdilər", - Samira bildirib.
Qırğızıstanın təhsil eksperti Mırza Karimov vəziyyətlə bağlı fikirlərini bölüşüb. "Əgər Təhsil Nazirliyimizin razılaşması varsa, onda nazirlikdən kimsə qrupu müşayiət etməli və onları digər tərəfdə təhvil verməlidir", - Karimov vurğulayıb. "Çünki uşaqlar 18 yaşdan kiçikdir, onları sadəcə göndərib digər tərəfdə qarşılanacaqlarını güman etmək düzgün deyil. Hətta məktəb yaşında uşaqlar müxtəlif beynəlxalq idman tədbirlərində iştirak edəndə belə, dövlət nümayəndəsi həmişə onları müşayiət edir", - o izah edib.
Bəzi qırğız valideynlər artıq uşaqlarını Alabuqaya yola salıb. Çuy bölgəsindən olan və anonim qalmaq məqsədilə Qazıbek təxəllüsü istifadə edən sakin AzadlıqRadiosuna bildirib ki, onun oğlu iyulun 15-də Alabuqaya gedib və məktəb uçuş xərclərini özü qarşılayıb.
"Oğlum mənə dedi ki, hazırda orada Qırğızıstan, Özbəkistan və digər ölkələrdən 21 tələbə var. Onun hələ dərsləri başlamayıb. Onlar sadəcə peyntbol və hərbi tipli vətənpərvərlik oyunları oynayırlar", - o deyib.
Kazıbek qeyd edib ki, bu cür fəaliyyətlər zamanı şagirdlər xəsarət alacağı təqdirdə məktəbi məsuliyyətdən azad edən sənədlərə imza atıb: "Onlar dedilər ki, bu, əsl döyüş deyil, sadəcə simulyasiyadır".
Təhsil Nazirliyi prosesdən nə dərəcədə xəbərdardır?
Təhsil Nazirliyinin yüksəksəviyyəli əməkdaşı Dinara Bektaşeva Alabuqa Politexnik Məktəbinin nümayəndələrinin 2023-cü ildən bəri Qırğızıstandakı məktəblərə səfər etdiyini təsdiqləyib. "Onlar bunu müstəqil şəkildə ediblər. Məktəb ziyarətlərində iştirak etməmişik", - o qeyd edib.
Ancaq Çuy vilayətinin Tokmok şəhər məktəbinin direktoru Mirlan Toktobekov deyib ki, apreldə Alabuqadan üç nümayəndə gəlib və bu zaman "bizə yuxarıdan göstəriş verildi ki, onları məktəbimizə buraxaq". O məlumat verib ki, qəbul prosesi ilə iki şagird maraqlanıb, onlardan biri irəliləyib və artıq qeydiyyatdan keçmək üçün müraciət edib.
Qırğızıstanın Təhsil Nazirliyi Alabuqa Azad İqtisadi Zonası ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu saziş texniki və peşə əməkdaşlığı təşviq edir və zonada Qırğızıstan vətəndaşlarının məşğulluğunu dəstəkləyir.
Bektaşeva bildirib ki, hazırda Alabuqada 58 qırğız tələbə təhsil alır, lakin o, bu təhsil müəssisəsinin dron istehsalı barədə iddiaları rədd edib. "Çoxlu yanlış məlumatlar dolaşır", - o əlavə edib.
Ailələrin əksəriyyəti üçün Alabuqa Politexnik Məktəbi haqqında əsas məlumat mənbəyi məktəb müəllimləridir.
Tokmokdan olan bir valideyn deyib ki, onun qızı təhsillə bağlı qəbul imtahanlarını keçib və Alabuqaya səfər etməyə hazırlaşır. "Bir müəllimlərə güvəndik. Bizə dedilər ki, onların öz uşaqları da ora gedir", - valideyn qeyd edib.
Təhsil eksperti Karimovu narahat edən qaranlıq məqam isə tələbələrin qəbulu prosesidir. "Əgər, həqiqətən də, Təhsil Nazirliyimiz tərəfindən imzalanmış memorandum əsasında uşaqlar qəbul olunursa, bu barədə ictimaiyyətə məlumat verilməlidir", - ekspert vurğulayıb.
Yazı AzadlıqRadiosunun qırğız xidməti və tatar-başqırd xidmətinin "İdel.Reallıqları" layihəsi tərəfindən hazırlanıb.