Azərbaycan və Ermənistanın parafladığı sülh sazişinin mətni açıqlanıb

İllüstrativ foto

Avqustun 8-də paraflanan “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı 17 bəndlik sənədi ABŞ-də iki ölkənin xarici işlər nazirləri avqustun 8-də paraflayıblar. Həmin mərasimdə Azərbaycan, ABŞ prezidentləri və Ermənistanın baş naziri də iştirakı edirdi.

Sənədin ilk maddəsində tərəflər təsdiq ediblər ki, keçmiş SSRİ-nin respublikalarının sərhədləri müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrilib və beynəlxalq birlik onları bu şəkildə tanıyıb. Habelə onlar bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıblar. Onlar bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını da təsdiqləyiblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Kreml əvəzinə Ağ ev: 'TRIPP elə 'Zəngəzur dəhlizi' deməkdir'

Üçüncü maddədə isə Bakı və Yerevanın bir-birlərinə münasibətdə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəkləri əksini tapıb. Onlar eyni zamanda öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin bir-birlərinə qarşı güc tədbiqi üçün istifadə etməsinə imkan verməməlidirlər. Habelə bir-birinin daxili işlərinə müdaxilədən çəkinməlidirlər.

Sazişin ratifikasiya olunmasından sonra isə tərəflər öz aralarında diplomatik münasibətləri qurmalıdırlar.

Sərhədə üçüncü tərəfin qüvvələri yerləşdirilməməlidir

Həmçinin, dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında vicdanla danışıqlar aparmalıdırlar. Üstəlik, qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməlidirlər. Sərhədlərin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər onlar qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirməlidirlər.

Səkizinci maddədə isə dözümsüzlük, irqi nifrət, ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pislənir. Bu hallarla mübarizədən bəhs edilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

İrandan 'Tramp yolu'na qarışıq reaksiya

Bütün bunlardan başqa, tərəflər onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla tədbirlər görməlidirlər.

Sənəddə gələcəkdə iqtisadiyyat, tranzit, nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmalar bağlanması da istisna edilmir.

İkitərəfli komissiya yaradılacaq

Eyni zamanda, onlar ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu sazişi rəhbər tutmalıdırlar. Üstəlik, onlardan heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməməlidir.

Sənəddə vurğulandığına görə, tərəflər hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər.

Tərəflər birbaşa məsləhətləşmələr yolu ilə mübahisəli sayılan bütün məsələləri həll etmək istiqamətində çalışmalıdırlar. Bu məsləhətləşmələr 6 ay ərzində onlar üçün məqbul nəticə verməzsə, tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət etməlidirlər.

Onlar hər hansı bir hüquqi müstəvidə aralarında mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkməli və ya hər hansı bir formada həll etməlidirlər.

Saziş tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək.

Buna da bax: Bakıda saxlanan erməni əsirlərin məsələsi Trampla müzakirə olunub [Video]
  • Avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
  • Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
  • Son illər iki ölkə arasında sülh sazişi ilə bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı.